“Rusiya Gürcüstanda olduğu kimi, istədiyi şəkildə davrana bilməyəcək” - Məhəmməd Əsədullazadə  

15:52 12.11.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın şanlı ordusu Ali Baş Komandanın rəhbərliyi  ilə qələbə çaldı. İşğal olunmuş torpaqlarımız azad olundu. Ordunun qanı, canı ilə qazandığı uğurlar işğal faktının növbəti mərhələsinin diplomatiya ilə çözümünü reallaşdırdı. Gərginliyi ilə müşahidə olunan proseslər diplomatlar tərəfindən diqqətlə izlənilməklə, müəyyən  nüansları meydana çıxardıb. Nədir bu?

Vəziyyəti hafta.az-a təhlil edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan Ordusunun noyabrın 8-də Şuşanı azad etməsi, bu münaqişənin yeni bir siyasi mərhələyə qədəm qoymasına şərait yaratdı.

Onun sözlərinə görə, Rusiya və Türkiyə prezidentlərinin bu yöndə apardığı danışıqların analoji sonluğu üçtərəfli - Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin bəyannaməsi  ilə nəticələndi. Bu bəyannamə ilə Ermənistan öz məğlubiyyətini etirafı idi, Ermənistan uduzdu.

Politoloq bildirib ki, proseslər Azərbaycanın birmənalı şəkildə  işğal olunmuş ərazilər üzərindəki suverenliyinin bərpasına yönəlib. Onun fikrincə, bəyannamədə ermənilərə hər hansı statusun verilməsindən söhbət getmir:

“Təbii ki, bu Azərbaycanın siyasi qələbəsidir. Amma Rusiya sülhməramlılarının Qarabağda olması Rusiya-Türkiyə arasında  razılaşdırılmasına gərək duyulan bir məsələdir”.

Politoloq hesab edir ki, heç də Rusiya sülhməramlılarının bu prosesdə olması, Rusiyanın daima burada qalacağına, Azərbaycana təsir edəcəyinə də dəlalət etmir:

“Artıq Madrid prinsipləri, Baza prinsipləri, ATƏT-in Minsk qrupu tarixdə qaldı. Qarabağ münaqişəsinin həlli artıq Rusiya-Türkiyə müstəvisində aparılan danışıqlara başlamaqla həll prosesə müəyyən impuls olacaq. Bəyannamənin həmçinin regiona verəcəyi töhfə, ümumi təhlükəsizlik və sülhün bərqərar olunması istiqamətində atılan addımdır. Artıq separatizm və işğala son qoyulur”.

M.Əsədullazadə bildirib ki, bəyannamədə bizi qane etməyən məqamlar da var. Onun fikrincə, Azərbaycan xalqı üçün açıq qalan suallar növbəti danışıqlar mərhləsində öz həllini tapacaq:

“Hesab edirəm ki, İlham Əliyevin bu 40 gün ərzində apardığı qalibiyyət müharibəsi siyasi diplomatik müstəvidə qalibiyyətlə bitəcək. Bununla bağlı heç bir narahatçılıq olmamalıdır. Çünki 2000-ci illərin əvvəllərində bizə iki dövlət modeli tətbiq edilirdi: Qarabağa müstəqil bir dövlət kimi yanaşır, həmçinin Madrid prinsiplərində Qarabağa referendumun tətbiqi qeyd olunurdu. Qalibiyyət müharibəsi təbii ki, bütün bunların üstündən xətt çəkdi. Bu proseslərdə Ermənistanın bütün şərtləri demək olar ki,  Azərbaycan tərəfindən tanınmadı. Sadəcə olaraq hərbi əks-hücum zamanı Azərbaycan qoşunu Xankəndi, Xocavənd və Ağdərəyə daxil olmadı. Və həmin bəyannamədə erməni qoşunlarının işğal olunmuş həmin ərazilərdən çıxarılması göstərilməyib. Erməni qoşunları çıxarılmalıdır. Çünki erməni ordusunun orda olması ümumi bəyannamənin prinsiplərinə ziddir”.

Politoloq bildirib ki, hazırda ictimai müzakirədə olan məqamlar - Xankəndi, Xocavənd, Ağdərədə Azərbaycanın suverenliyinin hansı istiqamətlərdə bərpa olunması ilə bağlıdır:

“Təbii ki, orda Azərbaycan ordusu, Azərbaycan təhlükəsizlik xidmətləri olmalıdır ki, buna da gələcəkdə danışıqlar predmetində aydınlıq gətiriləcək. Bir də bəyannamədə təmas xəttindən söhbət gedir. Sual olunur: təmas xətti harda olacaq. Bilirik ki, Xankəndində Rusiya sülhməramlıları olacaq. “Təmas xətti” deyərkən onlar keçmiş Dağlıq Qarabağın ərazi sərhədini nəzərdə tutursa, bu, tamamilə Azərbaycan Konstitusiyasına ziddir. Düşünürəm ki, Azərbaycan Konstitusiyası qəti şəkildə ermənilərə status tanımayacaq. Ermənilər orda digər adi vətəndaşlar kimi yaşayacaqlar. Sülhməramlılar isə onların təhlükəsizliyini müdafiə edəcək”.

Türkiyənin Qarabağdakı iştirakına gəldikdə isə, politoloq artıq burada Türkiyə zabitlərinin iştirakını nəzərdə tutan qərərgahın  yaradıldığını deyib:

“Türk hərbçilərinin  ruslarla birgə qurulacaq patrul sisteminin necə aparılacağı da hələ ki, açıqlanmır. Açıq qalan suallardır. Hesab edirəm ki, Azərbaycan tərəfinin bu istiqamətdə atacağı addımlar Azərbaycanın siyasətinə, diplomatiyasına, ərazi bütövlüyünə, suverenliyinə təhdid olmayacaq. Ermənilərin bu ərazilərə gələndən sonra Azərbaycan qanunlarına necə yanaşmaları da məlum deyil. Bu məsələlər artıq gələcək aylarda müzakirə predmeti olacaq. Düşünürəm ki, ermənilərin Qarabağa qayıdıb bu şərtlərlə yaşaması hələ sonrakı proseslərdə məlum olacaq. Həmçinin, biz dekabra qədər Azərbaycan ərazilərinin boşaldılmasını gözləməliyik. Ermənistanda vəziyyət dəyişə bilər. Yaxud, müxalifətin hakimiyyətə gəlişi ilə bəyannaməni tanımaya və qoşunlarını çıxarmaya da bilər. Hələ tələsmək lazım deyil. O cümlədən bizim qanunlar Xankəndində necə işləyəcək və Rusiyanın sülhməramlılıq missiyası necə həyata keçiriləcək”.

Politoloq bildirib ki, narahatlıq doğuran məqamların birlikdə dəf olunması üçün millətimiz daxili stabilliyi, indiyə kimi tutduğu mövqeni qoruyub  saxlamalıdır:

Qarabağ məsələsi artıq regional beynəlxalq müstəviyə çıxan problemdir. Xüsusən də Türkiyə və Rusiya kimi, digər  beynalxalq güclər öz maraqlarını burda diqtə edirlər. Xüsusilə Türkiyə buradan öz maraqlarını müdafiə edir. Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri də həmin bəyannamədə Türkiyə sülhməramlılarının qeyd edilməməsidir. Biz gözləyirik ki, növbəti mərhələdə türk silahlı qüvvələrinin adı həmin sənədə salınsın. Əgər Rusiyanın silahlı zirehli qüvvələri burdadırsa, türk silahlı qüvələri də eyni dərəcədə olmalı idi. Hesab edirəm ki, Türkiyə regionda əldə etdikləri nailiyyətləri Rusiyaya güzəştə getməyəcəkdir. Lakin türk qoşunları avqust ayında keçirilən təlimlər məqsədi ilə Azərbaycandadır. Türkiyə bu prosesdə diplomatik müstəvidə də Azərbaycanın maraqlarını qoruyacaq. Və düşünürəm ki, sənəddə olmasa da, türk hərbçilərinin Qarabağda yerləşdirilməsini Azərbaycan da tələb edəcək. Çünki Türkiyə sülhməramlılarının Qarabağda yerləşdirilməməsi bizim əleyhimizə olar. Düşünürəm ki, rəsmi Bakı bunu bilir və qiymətləndirir.

Lakin Ermənistanda gedən hadisələr diqqətlə izlənir. Son 3 gündə Ermənistanda gedən proseslər Paşinyanın vəziyyətinin necə olacağına aydınlıq gətirəcək”.

Politoloq qeyd edib ki, Türkiyənin Milli Kəşfiyyat rəhbəri Hakan Fidan, Müdafiə naziri H.Akar və XİN rəhbəri M.Çavuşoğlu Azərbaycandadır. Rusiya sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsindən dərhal üç güc nazirinin Bakıda olması proseslərdə Ankaranın heç də kənarda olmadığını göstərir:

“Yeni danışıqlar aparılır və Türk əsgəri Azərbaycandadır. Rusiya Gürcüstanda olduğu kimi, istədiyi şəkildə davrana bilməyəcək. Lazım olduqda Türkiyə Rusiya üçün ciddi başağrıları yaratmaq gücündədir. Hazırda Donbas və Krım məsələsində Türkiyə tərəf olacaq və Moskvaya təzyiq etmək rıçağına malikdir. Ona görə də hadisələrin inkişaf ssenarisini gözləyək. Azərbaycan çox böyük üstünlük və qələbə əldə edib. Bu, həmçinin Türkiyənin regionda movqeyini gücləndirib. Ankara asan şəkildə Rusiyanın əl-qolunu açıb bu qədər güclənməsinə imkan verməz. Bu, Türkiyənin də məğlubiyyəti demək olar. Türkiyə rəsmilərinin Bakıda olması növbəti hərbi əməkdaşlığa hesablanıb”.